Zbiqnev Bjezinski: “Ukrayna da Ermənistan kimi Rusiyanın əyalətinə çevrilə bilər”

“Ukrayna Rusiyanın “əyalətı” olmaqdan qorxur”. Bu sözləri Ağ Evin Milli Təhlükəsizlik rəhbərinin sabiq müşaviri, amerikalı politoloq Zbiqnev Bjezinski Rusiyanın Ukraynaya tətbiq etdiyi iqtisadi təzyiqləri şərh edərkən deyib.
 
Politoloq Almaniyanın "Alman dalğası(Deutsche Welle)" elektron nəşrinə verdiyi müsahibəsində Gömrük Şurasının iqtisadi deyil, məhz siyasi motivə malik olduğunu bildirib. “Tamamilə görünür ki, onun mahiyyəti müstəqil post-sovet ölkələrini özünə tabe etmək cəhdindən ibarətdir. Bu kontekstdə Ukrayna  ən böyük “qənimətdir” və düşünürəm ki, rusiyalılar onu qəti şəkildə tabe etməyə çalışırlar”, - Bjezinski söyləyib. Politoloqun fikrincə, əslində əsas məsələ ukraynalıların öz müstəqilliyini müdafiə etməyə hazır olub-olmamasıdır. “Bunu ukraynalıların özləri müəyyən etməlidir ki, Rusiya tərkibində yenidən əyalət olmalıdırmı?”, - ekspert əlavə edib.
 
Z.Bjezinski həmçinin ehtimal edir ki, Ukrayna da Avropa İttifaqı ilə assosiativ sazişi imzalayacağını bildirən, daha sonra isə Gömrük Şurasına qoşulmağa razılıq verən Ermənistanın yolunu gedə bilər. Amerikalı politoloq bildirir ki, Ermənistan ilə müqayisədə Ukrayna-Rusiya münasibətləri daha genişdir. 

© İstifadə edilərkən ictimaipalatka.com saytına istinad olunmalıdır.